RƏHBƏRLİK
SAHİL BABAYEV
BOKS FEDERASİYASININ PREZİDENTİ
Sahil Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. İngilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir.
1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi, daha sonra rəisi vəzifələrində çalışıb. Həmin dövrdə Hasilatın Pay Bölgüsü, həmçinin “Şahdəniz” təbii qazının satışı üzrə sazişlərin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak edib.
2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib və Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.
Eyni zamanda, 2009-2014-cü illərdə “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı - Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri, “SOCAR Türkiyə Ege” Neft Emalı Kompleksinin ("Star" layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının əvəzçiliklə müəllimi, Azərbaycan Diplomatik Akademiyasında müxtəlif mövzular üzrə mühazirəçi olub, İngiltərə, Fransa və digər ölkələrdə beynəlxalq hüquq və müqavilə hüququ sahəsində müxtəlif təlim və kurslarda iştirak edib. Beynəlxalq neft sazişlərinə, Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə, beynəlxalq və milli-hüquqi tənzimləməyə, beynəlxalq hüquqi proses və beynəlxalq məhkəmə prosedurlarına dair dissertasiya və monoqrafiyaların müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin dövrdə digər fəaliyyətlərlə yanaşı, xarici iqtisadi siyasət məsələlərin və ticarət nümayəndəliklərinin, “Azpromo” İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasının kuratoru, “Cənub Qaz Dəhlizi” layihəsində İqtisadiyyat Nazirliyi tərəfindən nümayəndə, “Azergold” QSC-nin Müşahidə Şurasının sədri, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının və “SOCAR Türkiyə Ege” Neft Emalı Kompleksinin (“Star” layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunub və 6 fevral 2025-ci ilədək bu vəzifədə çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsinə təyin edilib.
Almaniya, Çexiya, Sloveniya, Argentina və Braziliya ilə Hökumətlərarası Komissiyaların həmsədri, Şimal-Cənub dəhlizinin Rəşt-Astara hissəsinin maliyyələşdirilməsinə dair Azərbaycan – İran İşçi Qrupunun həmsədri, 19 ölkə ilə Hökumətlərarası Komissiyaların üzvü olub.
Həmçinin, Macarıstan, Serbiya, Rumıniya, Monteneqro ilə Hökumətlərarası Komissiyalara sədrlik edir, eyni zamanda, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Kommersiya hüququ” dövlət imtahan komissiyasının sədridir.
9 fevral 2022-ci il tarixindən Azərbaycan Boks Federasiyasının prezidentidir.
Yeni Azərbaycan Partiyasının üzvü və ehtiyatda olan zabitdir.
Ailəlidir, 3 övladı var.
NATİQ HƏSƏNOV
VİTSE-PREZİDENT
Natiq Həsənov 1979-cu ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsilini başa vurub. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aspirantıdır. Əmək fəaliyyətinə 2001-ci ildən özəl sektorda başlayıb. Həmin ildən 2008-ci ilədək bir sıra şirkət və təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb.
2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektorunun məsləhətçisi vəzifəsində çalışıb. 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri vəzifəsində çalışıb. 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 2018-ci ildən 2025-ci ilədək Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb. 10 mart 2025-ci il tarixdən 8 yanvar 2026-cı ilədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2026-cı il tarixli Sərəncamı ilə maliyyə nazirinin müavini təyin olunub. Bir sıra xarici ölkələrdə müxtəlif təlim, seminar və kursların iştirakçısı olub, eləcə də, ölkədə keçirilmiş bir sıra beynəlxalq tədbirlərin təşkilati işlərində iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ildə “Tərəqqi" medalı” ilə təltif olunub.
22 aprel 2026-cı ildən Azərbaycan Boks Federasiyasının vitse-prezidenti seçilib.
İngilis, rus dillərini bilir.
Ailəlidir, üç övladı var.
VAQİF KAZIMOV
VİTSE-PREZİDENT
Vaqif Kazımov 20 may 1953-cü ildə Bakı şəhərində anadan olub.1970-ci ildə Bakı şəhəri, 190 saylı orta məktəbi bitirib, 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub, 1979-ci ildə həmin ali məktəbi məşqçi-müəllim ixtisası üzrə bitirib.
1968-ci ildən Rafiq İmanovun rəhbərliyi ilə boks idman növü ilə məşğul olan V.Kazımov sonradan Tofiq Babanlının rəhbərliyi ilə dəfələrlə Azərbaycan birincilikəri və çempionatların, ümumittifaq boks turnirlərinin qalib və mükafatçısı olub. Boksda qazandığı nailiyyətlərə görə, 1981-ci ildə SSRİ idman ustası (17.02.1981, N 172523) fəxri adı verilib.
Ali məktəbi bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayıb. 1976-ci ildə Bakı sovetinin Ehtiyat Əmək qüvvələri klubunda, 1978-1980-cı illərdə Bakı şəhəri Uşaq-Gənclər İdman Məktəbində, 1981-1995-ci illərdə “ Məhsul” KKİC-də boks üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərib.
1995-ci ildə Türkiyə Boks Federasiyası tərəfindən milli komandaya dəvət edilən V.Kazımov 2001-ci ilədək Türkiyənin boks üzrə milli komandasında məşqçi kimi çalışıb.
2002-ci ildə Vətənə dönən məşqçi Dövlət Gömrük Komitəsinin İdman bölməsində fəaliyyətinə davam edib.
Fəaliyyəti dövründə yüzlərlə idmançı və onlarla idman üstası yetişdirən Vaqıf Kazımova 2003-cü ildə “ Azərbaycan Respublikasının Əməkdar məşqçisi” (vəs. N 0010, protokol 8 b.1), 2011 ci ildə “Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və İdman xadimi” (19.12.2011) fəxri adları verilib, “Tərəqqi” medalı ilə təltif edilib (04.09.2004), 05.03.2008-ci ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Yetirmələrindən ən yüksək nəticə göstərən Ağası Məmmədov boks üzrə dünya və Avropa çempionu olub, Afina-2004 Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.9 aprel 2022-ci ildən yeniyetmələr üzrə milli komandanın baş məşqçisi və Azərbaycan Boks Federasiyasının Məşqçilər Komitəsinin sədridir.
22 aprel 2026-ci ildə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti seçilib.
FUAD HACIYEV
İDARƏ HEYƏTİNİN ÜZVÜ
Fuad Hacıyev 27 yanvar 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1979-cu ildə 1 nömrəli kənd orta məktəbini bitirib. 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirib və “Mühəndis-texnoloq” ixtisasına yiyələnib. 1994-cü ildə ali siyasi təhsil alıb – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirib və “politoloq” ixtisasına yiyələnib.
İdmanla məşğul olduğu müddətdə karate üzrə yaşıl kəmərə layiq görülüb. Karate üzrə SSRİ-nin mükafatçısı olub. Sərbəst güləş üzrə bir sıra uğurlar qazanıb.
Ali təhsilini başa çatdırdıqdan sonra istehsalatda mühəndis-texnoloq işləyib, Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə işləyib. 90-cı illərdə kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2006-2015-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.
Aparat rəhbəri işlədiyi müddətdə Bakıda keçirilən bir sıra mötəbər yarışların, xüsusən Avropa Oyunlarının təşkili işlərində xidmətləri olub.
23 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Fuad Hacı oğlu Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilib. Gənclər və İdman Nazirliyinin Kollegiya üzvü, eləcə də Milli Olimpiya Komitəsinin üzvüdür. 2021-ci ildə Avropa Ədalətli Oyunlar Hərəkatının münsiflər heyətinin üzvü seçilib.
Fuad Hacıyevin gənclərlə iş sahəsində səmərəli fəaliyyəti, bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olub. Bu xidmətləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən nəzərə alınaraq, 2 mart 2015-ci il tarixli Sərəncamı ilə gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunub. 11 fevral 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə ”Şöhrət” ordeni ilə təltif olunub.
2022-ci ilin fevral ayından Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvüdür.
Ailəlidir, iki övladı var.
RÖVŞƏN HÜSEYNOV
İDARƏ HEYƏTİNİN ÜZVÜ
Rövşən Hüseynov 1975-ci il dekabrın 17-də Göyçə mahalında anadan olub.
1993-cü ilin sentyabrında Türkiyənin Bursa şəhərində Avropa çempionatında qızıl medal qazanıb. O, qitənin ən güclüsü olan ilk Azərbaycan boksçusu kimi tarixə düşüb. Müəllimi Rauf Cabbarov olan R.Hüseynov cəmi 20 gün sonra Yunanıstanın Saloniki şəhərində gənclər arasında da Avropa çempionatının qızıl medalına yiyələnib, yarışın ən texnikalı boksçusu seçilib.
1994-cü ildə Tailandda Dünya kubokunda da bütün döyüşlərində qələbə qazanan R.Hüseynov analoji yarışda da qızıl medal əldə edən ilk Azərbaycan boksçusu adına sahib olub. O, ölkəmizi dünya, Avropa və Yay Olimpiya Oyunlarında da təmsil edib.
R. Hüseynov 3 dəfə keçmiş SSRİ-nin, dəfələrlə Azərbaycan çempionatının qızıl medalını qazanıb.
Boksçu karyerasını başa vurduqdan sonra referiliyə başlayıb və 2008-ci ildə beynəlxalq dərəcəli hakim statusuna yiyələnib. Avropa və dünya çempionatlarında, London-2012 və Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında final görüşlərini idarə edib.
Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli 292 nömrəli Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Rövşən Hüseynov "Tərəqqi" medalı ilə təltif edilib.
2004-2022-ci illərdə Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti olub. 2022-ci ilin fevral ayından ABF-nin İdarə Heyətinin üzvüdür.
Ailəlidir, 3 övladı var.
NAĞI SƏFƏROV
BAŞ KATİB
Nağı Səfərov 1976-cı ildə Gəncədə anadan olub. 1994-2000-ci illərdə Azərbaycan Texnologiya Universitetində idarəetmə üzrə bakalavr və magistr, 2021-2023 cü illərdə isə Azərbaycan İdman Akademiyasında “İdman menecmenti” ixtisası üzrə magistr təhsili alıb.
2002-2004-cü illərdə Beynəlxalq təşkilatlarda menecment ixtisası üzrə tədris proqramlarında iştirak edərək Avropa Şurası Gənclər Mərkəzində ekspert kimi fəaliyyət göstərib.
2004-2023-cü illər ərzində Azərbaycan Taekvondo Federasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2012-2023-cü illər ərzində ATF-in vitse-prezidenti vəzifəsində işləyib.
2010-cu ildən Azərbaycan Boks Federasiyasının Baş katibi vəzifəsində çalışır. 2010-cu ildə Bakıda təşkil olunan gənclər arasında dünya birinciliyivə 2011-ci il Bakıda təşkil olunan boks üzrə dünya çempionatının Təşkilat Komitəsinə rəhbərlik edib. 2011-2017-ci illərdə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının komitə üzvü olub.
Bununla yanaşı, ölkəmizdə və dünyada təşkil olunan multiidmantədbirlərinin (dünya və Avropa çempionatları, Olimpiya Təsnifat Turnirləri, Avropa və İslam Həmrəyliyi Oyunları) Təşkilat Komitəsində məşvərətçi kimi fəaliyyət göstərib.
Boksun Olimpiya ailəsində yeri adlı manifestin, Boks və Olimpiya Hərəkatı 100 günlük fəaliyyət və digər beynəlxalq layihələrin müəllifidir.
Azərbaycanda boks idman növü üzrə təlim-məşqlərin təşkili üzrə tədris vəsaiti hazırlayıb.