Boks Azərbaycanda
1936-CI İL - İLK SSRİ İDMAN USTASI
Foto: Abbas Ağalarov (solda) və türkiyəli boksçu Nəcim bəy.
Azərbaycan boksunun banilərindən biri Abbas Fərhad oğlu Ağalarov hesab olunur. O, SSRİ yığmasının heyətində yarımyüngül çəki dərəcəsində — 57 kq-a qədər çəkidə çıxış edib.
1936-cı ildə Abbas Ağalarov azərbaycanlı boksçular arasında boks üzrə idman ustası adını alan ilk idmançı olub. Daha sonra SSRİ-nin Əməkdar idman ustası, SSRİ-nin Əməkdar məşqçisi və beynəlxalq dərəcəli hakim adına layiq görülüb.
1937-ci ildə SSRİ çempionatının finalçısı olan Ağalarov idman karyerasını başa vurduqdan sonra “Burevestnik” və “Dinamo” cəmiyyətlərində məşqçi kimi çalışıb, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun boks kafedrasına rəhbərlik edib. Görkəmli idmançı, məşqçi və pedaqoq Abbas Ağalarov 1967-ci ildə, 56 yaşında vəfat edib.